07
Oktyabr

7 Oktyabr


Vətən müharibəmizin 11-ci günü səhər ordumuz Cəbrayıl rayonu istiqamətində tam üstünlüyü ələ keçirdi. Günorta düşmən texnikalarının necə məhv edilməsinin yeni videogörüntüləri yayımladı. Məğlub edilən Ermənistanda daxili xaos getdikcə artırdı. Qarabağ ərazisində qanunsuz məskunlaşdırılan xeyli sayda insan Ermənistana axışır, İrəvan isə onları müxtəlif bəhanələrlə geri qaytarmağa çalışırdı. Ermənistanın dövlət və ordu rəhbərləri yenə də itkilərini gizlədir, xalqı hər şeyin yaxşı olacağına inandırmağa çalışırdılar. Onların bu yalanlarının ömrünə hələ 33 gün də qalırdı…

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.