01
Noyabr

1 Noyabr


Vətən Müharibəmizin 36-cı günü Müdafiə Nazirliyimiz ermənilərin canlı qüvvəsinin və hərbi texnikasının necə məhv edildiyini göstərən xeyli videolar yaydı. Demək olar, hər 2-3 saatdan bir yeni video təqdim edilirdi. Qələbənin yaxında olduğunu hiss edən Ordumuz böyük ruh yüksəkliyi ilə sanki Zəfərə tələsir, yerdən də, göydən də düşmənin başına od ələyirdi. Düşmənin isə ancaq bir seçimi vardı: od ələnən başını tutub, dabanına tüpürmək. Əsasən belə də edirdilər: Ermənistan artıq cəbhəyə göndərməyə adam tapmırdı. Qarabağdakı separatçı qurumun qondarma rəhbəri Araik Arutunyan Şuşa kilsəsində videomüraciət çəkərək, özü də aradan çıxmışdı. Zəfərə cəmi 8 gün qalırdı…

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.