Vətən Müharibəmizin 32-ci günü cəbhədə ağır itkilər verərək, geri çəkilməyə məcbur qalan xain düşmən Bərdə şəhərini “Smerç” raketlərilə atəşə tutdu. Dinc əhalinin sıx məskunlaşdığı əraziyə endirilən zərbə ağır faciə törətdi: 21 nəfər həlak oldu, 70-dən artıq şəxs yaralandı. Bütün Azərbaycan xalqı Bərdə üçün ağladı, üzüldü, amma sınmadı. Hər kəs Ordumuzun döyüş meydanında alacağı qisası gözləyiri. Günün sonunda Ali Baş Komandan növbəti tviti ilə xalqı müjdələdi: Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qilican kəndləri işğaldan azad edilib! Düşmənin tam diz çökməsinə 12 gün qalırdı...