Vətən Müharibəmizin 14-cü günü gecə saatlarında, Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskvada baş tutan 10 saatlıq danışıqlarından sonra atəşkəs barədə razılığa gəlindiyi bildirildi. Amma buna baxmayaraq, Ermənistanın silahlı qüvvələri bütün cəbhə boyu mövqelərimizi atəşə tutmaqda davam etdilər. Və Azərbaycan Ordusu cavab tədbirləri görməyə məcbur oldu. Xocalıda Ermənistan ordusunun havadan müdafiə sistemini yönəldən bahalı radilokasiya stansiyası darmadağın edildi. Hər kəsə aydın oldu ki, atəşin kəsilməsinin bircə yolu var: Düşməni qovub, torpaqlarımızdan çıxarmaq. Ordumuz hələ daha 30 gün bunu edəcəkdi…
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.