Vətən Müharibəmizin 16-cı günü Şanlı Ordumuz Gəncənin qisasını alaraq, gecə boyu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etdi. Ordumuz döyüş meydanında tarix yazarkən, arxa cəbhədə bütün xalq Əsgərə maddi və mənəvi dəstək üçün birləşirdi. Hamı cəbhəyə bacardığı kimi kömək etməyə çalışırdı. Günortadan sonra Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Süleymanlı kəndinin videogörüntüsünü yayımladı. Qarşıda hələ daha 28 gün ərzində kəndlərimiz döyüş meydanında ermənilərdən azad olunacaqdılar…
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.