Vətən Müharibəmizin 37-ci günü “Erməni faşizminin belini qırırıq” deyən Ali Baş Komandan İlham Əliyev Cəbrayılın Çaprand, Qoşa Bulaq, Zəngilanın Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlının İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edildiyini bildirdi. Ermənistan silahlı qüvvələrinin bölmələri Zəngilan istiqamətində hücuma cəhd göstərsələr də, ciddi itki verərək, geri çəkilməyə məcbur edildilər. Düşmənin mövqelərimizə havadan hücum edən “Su-25” döyüş təyyarəsi də məhv edildi. Müharibənin son həftəsi başlamışdı...
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.