04
Noyabr

4 Noyabr


Vətən Müharibəmizin 39-cu günü Prezident İlham Əliyev daha 7 kəndin işğaldan azad edildiyini açıqladı: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir”. İtaliyanın “La Republica” qəzetinə müsahibəsində isə bildirdi ki, biz artıq ermənilərə kimin kim olduğunu sübut etmişik: “Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir”. Ermənilərin tam diz çökmələrinə cəmi 5 gün qalırdı...

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.