27
Sentyabr

27 Sentyabr

Sosial media

Xalq Vətən müharibəsinin başlanmasının sevincini yaşadı

Ötən ilin 27 sentyabrında xalqımızın ən çox müzakirə edib sosial şəbəkələrdə paylaşdığı mövzu və xəbər Müdafiə Nazirliyinin yaydığı məlumat oldu.

Məlumatda bildirilirdi ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam etdirir.

Bütün xalqın bir olduğu 44 günlük Vətən savaşının ilk günü belə başladı. Sosial şəbəkələrdə günboyu ordumuza, əsgərə, Ali Baş Komandana dəstək paylaşımları çoxaldı. Kimisi könüllü şəkildə Ordu sıralarına yazılmağa hazır olduğunu, kimisi maddi dəstək üçün əlindən gələni edəcəyini yazır, ümumilikdə isə böyükdən kiçiyə dünyanın hər yerində yaşayan bütün azərbaycanlılar bu haqq davasında ölkəmizə, xalqımıza dəstəyini ifadə etdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.