27
Sentyabr

27 Sentyabr

Orduya dəstək

Avstriyada yaşayan soydaşlarımız və türk diasporunun təmsilçiləri Azərbaycan ordusuna dəstək ifadə ediblər

Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı, mülki əhali, yaşayış məntəqələri və infrastrukturu hədəfə alaraq günahsız insanların ölümünə səbəb olması xaricdə yaşayan soydaşlarımızın da hədsiz qəzəb və hiddətinə səbəb olub. Eyni zamanda, rəşadətlə döyüşən Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna qarşı cavab zərbələri, işğal olunmuş ərazilərin düşmən tapdağından azad edilməsi barədə xəbərlər böyük ruh yüksəkliyi və coşqu ilə izlənilir. Avstriyanın Vyana, Lints, Hayd, Sankt Pölten və digər bölgələrində yaşayan soydaşlarımız və türk diasporunun nümayəndələri müzəffər Azərbaycan ordusuna dəstəklərini ifadə edib, Qarabağın işğaldan azad edilməsi əməliyyatlarında iştirak etmək istədiklərini bildiriblər.

Bu fikirləri Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş söyləyib. O qeyd edib ki, “Bir millət, iki dövlət“ prinsipini əldə rəhbər tutan türk diasporunun təmsilçiləri Qarabağın azadlığı uğrunda azərbaycanlı qardaşları ilə çiyin-çiyinə döyüşmək istəyirlər. Gün ərzində çoxlu zəng və müraciətlər qəbul etdiyini bildirən Y.Günəş Vətən və qardaş sevgisinin yaxın gələcəkdə zəfərlə bitəcəyinə, Azərbaycan əsgərinin müqəddəs Vətən torpaqlarını tezliklə işğalçı Ermənistan ordusundan təmizləyəcəyinə inam ifadə edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.