Vətən Müharibəmizin 4-cü günü səhər ermənilərin Tərtər şəhərini atəşə tutmaları nəticəsində 7 mülki şəxs yaralandı. Ordumuzun cavabı yubanmadı: Ağdərə-Tərtər istiqamətində düşmənin məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirildi. Ermənistandan havaya qalxan iki "Su-25" təyyarəsi dağa dəyərək partladı. Tonaşendə düşmənə endirilən sarsıdıcı zərbələrdən sonra onlar mövqelərini qoyub qaçmağa başladılar. Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun 193-cü həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirildi. Halbuki, bayraq – hərbi hissənin şərəfi sayılır. Qarşıda düşməni şərəfsizliyə məhkum olacağı daha 40 gün gözləyirdi…
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.