Vətən Müharibəmizin 25-ci günü Prezident İlham Əliyev Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli, Zəngilan rayonunun Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Turabad, Baharlı kəndlərinin və Mincivan qəsəbəsinin işğaldan azad edildiyini bildirdi. Artıq xalq hər gün öz Liderinin – Ali Baş Komandanın müjdələrini gözləyir, xoş xəbəri alan kimi hamı bir-birinə gözaydınlığı verirdi. Qarşıda bizə şirin Qələbə, düşmənə isə acı məğlubiyyət xəbərlərilə dolu daha 19 gün qalırdı...
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.