17
Oktyabr

17 Oktyabr


Vətən Müharibəmizin 21-ci günü tarixə Füzuli şəhərinin azad edildiyi gün kimi yazıldı. Azərbaycan xalqı bir gözü ilə ermənilərin Gəncəyə atdığı raketin qurbanları üçün ağlayırdısa, digər gözü ilə illərdir həsrətində olduğumuz Füzulinin azadlığına görə gülürdü. Gəncədə ölənlərin sayı 13-ə çatmış, 52 nəfər isə yaralanmışdı. Füzulinin azad edilməsi erməni vəhşiliyinə ən yaxşı cavab idi. "Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!",- deyə birinci vitse-prezident Mehriban Əliyeva yazmışdı. Elə də oldu. Erməni faşizminin ömrünə isə cəmi 23 gün qalırdı...

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.