08
Noyabr

8 Noyabr


Azərbaycan xalqı bu günü 28 il yarım gözləmişdi. 28 il dogma, əziz Şuşamızın düşmən tapdağından azad ediləcəyi günü görmək arzusu ilə yaşamışdıq. Nəhayət, həmin Böyük Gün yetişdi. Xalq öz Liderinin dilindən bu tarixi müjdəni eşitdi:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əiz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Yəqin ki, Azərbaycan tarixində heç vaxt heç bir Liderin xalqa müraciəti bu qədər əzəmətli, qürurlu, vüqarlı səslənməmişdi…


Bu böyük müjdəni xalqa çatdırmazdan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana və Şəhidlər xiyabanına baş çəkdilər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad etdilər. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü.

Ardınca Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdülər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına tarixi müraciətini etdi.

- Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!..


Dövlət başçımız bu sözləri deyərkən ölkənin hər yerində onu dinləyən insanlar “Uraa!” sədaları ilə yerlərindən sıçrayaraq, sevinc göz yaşları içində bir-birinə sarılaraq təbrik edir, bayramlaşırdılar.


- Şuşa 28 il yarım işğal altında idi – Prezident daha sonra bildirdi,- Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.


Müzəffər Ali Baş Komandanın bu xəbəri məhz Şəhidlər xiyabanından verməsi təsadüfi deyildi. Şəhidlərimizin ruhu qarşısında bir daha baş əydiyini söyləyən Prezident bildirdi ki, onların qanı yerdə qalmır:

- Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


Dövlət Başçımızın çıxışı bitən kimi insanlar bu Böyük Zəfəri qeyd etmək üçün əllərində bayraq küçələrə axışdılar. Bütün ölkəni Qələbə coşğusu bürüdü.


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik etdi. O, tarixi qələbə ilə bağlı paylaşımda yazırdı:

“Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram!

İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!

Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin!

Əziz qardaşlar və bacılar!

Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm.

Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.


Dünya azərbaycanlıları, xaricdəki dostlarımız da bu xoş xəbəri bizimlə birlikdə qeyd edirdilər. İstanbulun mərkəzi bölgələrindən olan “Beyazit meydanı”nda Azərbaycan Ordusunun əldə etdiyi zəfər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi və qardaş dəstəyini nümayiş etmək məqsədilə möhtəşəm aksiyası keçirildi.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın qəlbi Şuşanın azad olunması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi. O, Ədalət və İnkişaf Partiyasının Kocaeli təşkilatının konqresindəki çıxışında Şuşanın işğaldan azad edildiyini bildirərək, “Şuşa zəfərini təbrik edirəm. Azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Şuşanın qurtuluşu işğal altında qalan digər torpaqların da azad ediləcəyinin yaxın olduğunu göstərir”,- dedi.

İstanbulda yeni tikilmiş Çamlıca qülləsi Azərbaycan və Türkiyə bayraqlarının rəngləri ilə işıqlandırıldı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.