31
Oktyabr

31 Oktyabr


Vətən Müharibəmizin 35-ci günü Prezident İlham Əliyev Almaniyanın ARD kanalına müsahibəsində bildirir ki, müharibənin nə qədər davam edəcəyi Ermənistandan asılıdır: “Biz bu gün dayanmağa hazırıq”. Ermənistanın baş naziri Nikol Paşinyan isə Rusiya Prezidenti Vladimir Putinə faktiki yalvarış məktubu yazaraq, yardım göstərilməsi istiqamətində məsləhətləşmələrə başlanılmasını xahiş edir. Artıq ermənilər müqavimətə cəhd göstərməyə də çalışmırdılar, döyüş meydanında hər şey günbəgün bir ssenari ilə inkişaf edirdi: Biz qovuruq – onlar qaçırlar. Bu qaçdı-qovdu hələ daha 9 gün davam edəcəkdi…

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.