Vətən Müharibəmizin 5-ci günü yenə də döyüş meydanında ağır itkilər verən düşmən xaincəsinə dinc əhalini atəşə tutdu. Tərtər avtovağzalına düşən mərminin nəticəsində 1 mülki şəxs həlak oldu. Amma cavabını yenə də döyüş meydanında aldı: Ordumuz bir neçə istiqamətdə düşmənə ağır zərbələr endirdi. Ermənistan ordusunun hava hücumundan müdafiə vasitələri və reaktiv yaylım atəşi sistemləri məhv edildi. Qarşıda düşməni bir-birindən ağır zərbələrin gözlədiyi 39 gün vardı hələ…
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.