09
Noyabr

9 Noyabr


Vətən Müharibəmizin 44-cü və sonuncu günü, tale elə gətirdi ki, Dövlət Bayraq Günümüzlə üst-üstə düşdü. Azərbaycan tarixində heç vaxt bu qədər mənalı Bayraq Günü olmamışdı. İlk bayram idi ki, Azərbaycanın şanlı bayrağı işğaldan azad olunmuş tarixi torpaqlarımızda, o cümlədən, ölkəmizin ürəyi olan Şuşada dalğalanırdı. Həmin gün Ali Baş Komandan xalqa növbəti böyük müjdəsini - 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəkliyin düşməndən azad edilməsi haqda xəbəri çatdırdı. Artıq Ermənistan üçün hər şey bitmişdi. Onun kapitulyasiya edib, Azərbaycanın qarşısında diz çökməsi labüd idi...

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.