14
Oktyabr

14 Oktyabr


Vətən Müharibəmizin 18-cü günü Prezident İlham Əliyev daha 8 kəndin azad edilməsi xəbərilə xalqı müjdələdi. Ermənistanın Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində düşmənin növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edildi və legitim hərbi hədəf kimi dəqiq qabaqlayıcı zərbə ilə sıradan çıxarıldı. Düşdüyü ağır vəziyyəti az-çox “düzəltmək” üçün Ermənistanda ehtiyatda olanların intensiv təlimlərə cəlb edilməsinə başlandı. Amma onların vəziyyətini heç nə düzəldə bilməzdi – Qarşıda hər birində Əsgərimizin qabağından qaçacaqları daha 26 gün onları gözləyirdi…

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.