03
Noyabr

3 Noyabr


Vətən Müharibəmizin 38-ci günü Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərsələr də, ağır itkilərə məruz qalaraq, geriyə çəkilməyə məcbur edildilər. Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edildi. Xocavənddə dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı, həmçinin üç ədəd topu döyüş heyəti ilə birlikdə sıradan çıxarıldı. Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarı havaya sovruldu. Artıq ermənilər vəziyyəti dəyişməyə hətta cəhd də göstərə bilmirdilər. Onları acizlik içində çırpınacaqları daha 6 gün gözləyirdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.