Vətən Müharibəmizin 22-ci günü xalqımız üçün böyük mənəvi anlam daşıyan tarixi abidəmizin - Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı. Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndləri işğaldan azad edildi. Cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna atılan raket havada zərərsizləşdirildi. Ordumuz cəbhədə düşmənin xeyli silah-sursatını, o cümlədən, “Su-25” hücum təyyarəsini məhv etdi və xeyli qənimət götürdü. Artıq düşmənin döyüş meydanından qaçması kütləviləşmiş və adi hala çevrilmişdi. Ermənilər tam başa düşmüşdülər ki, doğma torpağı uğrunda ölümə getməyə hazır olan Azərbaycan Əsgərinin qarşısını heç bir qüvvə kəsə bilməz. Müharibənin düz ortasında idik və qarşıda hələ 22 şanlı gün qalırdı...