25
Oktyabr

25 Oktyabr


Vətən Müharibəmizin 29-cu günü tarixə Qubadlı şəhərinin Azadlığı Günü kimi yazıldı. Ordumuzun bu möhtəşəm uğuru strateji, hərbi, siyasi, iqtisadi, mənəvi və psixoloji cəhətdən Azərbaycanın Ermənistan üzərində üstünlüyünü ciddi şəkildə möhkəmləndirdi. Qubadlı rayonu işğalçı ölkə ilə həmsərhəd olduğundan, Ordumuz müharibədə ilk dəfə Ermənistanla dövlət sərhədimizə çıxdı. Eyni zamanda, Qubadlı-Laçın istiqamətində əməliyyatların həyata keçirilməsi üçün platsdarm qazanıldı, Şuşa istiqamətində irəliləmək üçün imkanlar genişləndi. Qubadlının azadlığı düşmən üçün sonun başlanğıcı demək idi. Qarşıda onu son 15 gün gözləyirdi…

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.