05
Oktyabr

5 Oktyabr


Vətən müharibəmizin 9-cu günü yenə dinc şəhər, qəsəbə və kəndlərimiz atəşə tutuldu. Raketlərin bir qismi Ermənistan ərazisindən buraxılmışdı. Cavabında Ordumuz dəqiq zərbələrlə düşmənin xeyli hərbi texnikasını sıradan çıxardı. Axşama doğru isə Ali Baş Komandan "Twitter" səhifəsində bəyan etdi ki, Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcallı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi işğaldan tam azad edilib. Bu cür müjdələr hələ 35 gün də davam edəcəkdi…

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.