Xarıbülbül və Dəmir Yumruq
Vətən Müharibəsi Azərbaycanın yeni tarixinə Qarabağla bağlı iki simvol bəxş etdi: Xarıbülbül və Dəmir Yumruq. Bunlardan birincisi Şuşanın (Qarabağın) azadlığının və bu yolda canından keçən şəhidlərimizin, ikincisi isə Zəfərin əsasında duran Lider-Xalq-Dövlət-Ordu birliyinin rəmzinə çevrildi.
“Xarıbülbül” (Ophrys Caucasica) əvvəllər də müxtəlif tarixi dövrlərdə müxtəlif formalarda Şuşanın rəmzi sayılıb. Çünki bu gülə ən çox Şuşa ətrafında rast gəlinir. Görünüşü və adı onun simvola çevrilməsi üçün ideal zəmin yaradır. Çünki folklorda və mifoloji sistemdə Bülbül – sevəni, arzulayanı, həsrət çəkəni, can atanı, qovuşmaq istəyəni, Gül – seviləni, arzulananı, həsrəti çəkiləni, can atılanı ifadə edir. Və onların arasında Xar (tikan) – bu vüsala mane olan qüvvələr var. Can atdığına qovuşa bilmək üçün bülbül o tikanın sinəsinə batmaq (yəni məqsədinin uğrunda ölmək) ehtimalını gözə almalıdır.
Belə bir universal yozum imkanı müxtəlif tarixi dövrlərdə müxtəlif interpretasiyalara yol açıb. Xarıbülbülə qədim türk əsatirlərində rast gəlirik: Oğuz xanın yaralı döyüşçülərindən biri son nəfəsində qanlı köynəyindən cırıb, bülbülün ayağına bağlayaraq, məktub əvəzinə sevgilisinə göndərir (Vətən müharibəsində şəhid olan əsgərlərimizin öz ailələrinə və sevgililərinə göndərdikləri mesajları yadınıza salın – doğrudan da, hər şeyin ancaq forması dəyişir, mahiyyət isə yerindədir).
Azərbaycan folklorunda Xarıbülbül daha çox həsrət dolu, yanıqlı xalq mahnısının sözlərilə hər kəsin ruhuna hopmuşdu. Bu mahnı Qarabağ xanının qızı, qürbət elə gəlin köçən şuşalı Ağabəyim ağanın taleyilə bağlıdır. Rəvayətə görə o, ömrünün sonuna qədər Şuşanın həsrətini çəkib və yaşadığı sarayın həyətində ona Qarabağı xatırlatmaq üçün salınan “Vətən bağı”ndakı bütün güllərə, çiçəklərə baxmayaraq, həmişə Xarıbülbülü axtarıb, fəqət, tapmayıb… “Vətən bağı” al-əlvandır, yox içində Xarıbülbül…
Qarabağ işğal olunanda Ağabəyim ağanın həmin həsrəti və tarixdən sızıb gələn kədəri bütün xalqın ümumi nisgilinə çevrildi.
1989-cu ildə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalının məhz "Xarıbülbül" adlandırılması təsadüf deyildi. Amma bu festival cəmi bircə dəfə keçirilə bildi, sonra Şuşanın işğal dövrü başladı və biz ona həqiqətən həsrət qaldıq. Bu dəfə Xarıbülbül Şuşa həsrətinin, Şuşa ağrısının simvoluna çevrildi.
Amma onun simvola çevrilməsinin ən şərəfli mərhələsi hələ qabaqda idi. Vətən Müharibəsinin gedişində məşhur xalq mahnısı bir qədər dəyişmiş şəkildə dillərə düşdü və sürətlə yayıldı: “Vətən bağı al-əlvandır, ətrin gəlir, Xarıbülbül…”
“Vətən bağı al-əlvandır” cümləsi burada iki mətləbi ifadə edirdi: İnsanların dogma torpağa qayıtmaq ümidinin doğurduğu xoşbəxtliyi və şəhidlərin axan qanını. Ona görə, müharibə bitəndən sonra Xarıbülbül bunların hər ikisinin simvoluna çevrildi. Bu gün hər bir azərbaycanlı onu görəndə ağlına iki şey gəlir: başda Şuşa olmaqla bizi Qarabağa, Qarabağı bizə qaytaran Zəfərimiz və bu yolda al qanını axıdaraq, müqəddəs torpağı əlvan rəngə boyayan Şəhidlərimiz. Şəhid qanı ilə sulanmış Vətən bağında Xarıbülbül bundan sonra həmişə gül açacaq: “…Var içində Xarıbülbül!”
Əsatirə görə, bulbul sevdiyi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün qarşısında alçaltmaq imiş. Amma külək nə qədər güclü əssə də, gül əyilmir. Qocaman ağaclar sınır, fəqət gül qamətini şax tutur. Nəhayət, gücü tükənməyə başlayır. Çünki o, tək qalmışdı. Və yavaş-yavaş əyilməyə başlayır. Amma bu vaxt Bülbül özünü yetirir və sinəsini yavaş-yavaş əyilən gülə dayaq edir. Gülün xarı onun sinəsinə sancılır. Bülbül məhv olur, fəqət gülü əyilməyə qoymur. Elə həmin vaxtdan özünü fəda edən bülbülün adı Xarıbülbül qalır. Gül isə onun fədakarlığını xatırladan çiçəklər açır…
Bu əsatirdəki Gül – Şuşamız, külək – onu bizdən ayırmağa çalşan düşmən, Bülbül isə əsgərlərimiz, şəhidlərimizdir. Hər şey necə də yerini alır…
2021-ci il mayın 12-də Şuşada yenidən "Xarıbülbül" festivalı keçirildi: Azərbaycan əsgərinin köksünü dayaq etməsi nəticəsində əyilməyən, sınmayan, azad Şuşada…
Əgər Xarıbülbül – Zəfərimizin incə, zərif tərəfinin əksidirsə, Dəmir Yumruq – sərt, güclü tərəfininin təcəssümüdür. Müharibənin gedişi zamanı, oktyabrın 20-də xalqa müraciətində Ali Baş Komandan İlham Əliyev ilk dəfə bu ifadədən istifadə etdi:
- Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.
Yumruq həmişə birliyin simvolu olub. Azərbaycan dilində “yumruq kimi birləşmək” ifadəsi var. Barmaqlar ayrılıqda zəifdirlər, yumruğa çevriləndə isə güclərinə güc qatılır. Yumruq sadəcə beş barmağın birliyi deyil, daha böyük anlayışdır. Yumruq – mübarizə əzminin simvoludur. Yumruq mexaniki yox, məqsəd uğrunda birləşmək deməkdir.
Dəmir Yumruq – Liderin, Xalqın, Dövlətin, Ordunun birliyi demək idi. “Dəmir” epiteti onun sarsılmazlığını göstərirdi. Və bu sarsılmaz birlik öz məqsədinə çatdı!
Qələbədən sonra isə “Dəmir Yumruq” həm də Azərbaycanın öz maraqlarını, sərhədlərini, ərazi bütövlüyünü müdafiə etmək əzmkarlığının simvoluna çevrilib. Bizə kəm gözlə baxan hər kəs bilməlidir ki, Dəmir Yumruq yerindədir!