Daxili İşlər Nazirliyi
Hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı ilə bağlı məlumat
Məlum olduğu kimi, 2020-ci il sentyabr ayının 28-i saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunmuş və bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq ediləcəkdir.
Nəzərə çatdırılır ki, komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər.
Bununla əlaqədar komendant saatının tətbiq edildiyi şəhər və rayonlarda yaşayan yaxud həmin ərazilərə giriş-çıxış edən sakinlərdən və digər şəxslərdən gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alıb komendant saatı başlayanadək səfərlərini, öz işlərini başa çatdırmaq, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan yaşadıqları (qaldıqları) ünvanı tərk etməmək xahiş olunur.
Həmin müddətdə hərəkətinə xidməti vəsiqə əsasında icazə verilən dövlət orqanlarının əməkdaşlarının, habelə fəaliyyətinə icazə verilən sahələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş, habelə Daxili İşlər Nazirliyi xüsusi icazələrin verilməsi qaydasını təsdiqləmişdir (əlavə olunur).
Xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkətinə icazə verilmiş şəxslərin xidməti və fərdi nəqliyyat vasitələrindən istifadə etmələrinə yol verilir.
Komendant saatı müddətində tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə yaxud yaxın qohumları tərəfindən aparılan şəxslərin hərəkətinə şərait yaradılacaqdır.
Diqqətə çatdırılır ki, vəfat edən şəxsin dini qaydalara uyğun dəfnə hazırlanması üçün onun yaxın qohumları Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya “Qaynar xətt”inə (012 590-80-20) etdikləri müraciət üzrə aparılan araşdırmalardan sonra sərbəst hərəkət edə bilərlər.
Hərbi vəziyyət rejiminin tələblərini pozan, komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.