10
Noyabr

Noyabrın 10-da, gecə imzalanan üçtərəfli bəyanatla Azərbaycanın möhtəşəm Qələbəsi rəsmən təsdiqləndi, 30 ildə uydurduğu miflər 44 gündə darmadağın edilən Ermənistan isə kapitulyasiya etdi. Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə imzalanan 9 bəndlik bəyannamə ilə Ermənistan Azərbaycanın 3 rayonunu boşaltmağı öhdəsinə götürdü və Azərbaycan prezidentinin tələbinə uyğun olaraq, bizə təqvim planı verdi. Ali Baş Komandan İlham Əliyevin efirdə, bütün dünyanın qarşısında qalib ölkənin lideri kimi qürurla imza atdığı sənədi diz çökmüş Ermənistanın məğlub baş naziri Nikol Paşinyan “hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə” imzaladı. Həm də öz xoşu ilə yox. Dəmir yumruğun hesabına!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.