Zəfərin yolu
Azərbaycan və xarici mətbuat nümayəndələri erməni işğalından azad edilmiş Cəbrayıl və Füzuli rayonlarında olublar.
Jurnalistlər bir daha Cəbrayıl rayonunun Böyük Mərcanlı, Şəybəy kəndlərində, Füzuli şəhərinin mərkəzində və digər ərazilərdə erməni işğalının izləri ilə tanış olub, mənfur qonşularımızın vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər.
Misirin “Aldiplomasy” informasiya portalı Qubadlı məscidinin Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilməsi haqqında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin özünün “Twitter” hesabında açıqlamasını və videomaterialı yayıb.
Xəbərdə qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib.