Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Moskvada üçtərəfli görüş keçirildi və Bəyanat imzalandı. 10 noyabr Bəyanatının davamı kimi qiymətləndirilən bu sənəd bölgədə kommunikasiyaların açılması üçün İşçi Qrupun yaradılmasını və atılacaq digər addımları nəzərdə tuturdu. Üçtərəfli görüşdən sonra liderlər mətbuata açıqlama verərkən İlham Əliyev bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb və biz gələcək, birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması və regional təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik. Həmin gün rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüşündən sonra isə İlham Əliyev bildirdi ki, Bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Güney Qafqazda yeni səhifə çevrilir, yeni bir mərhələ başlayırdı…