25
Noyabr

Vətən mahnıları

"Vətən yaxşıdır”

Vətən müharibəsi dövründə şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısı bütün xalqımıza dərindən təsir etdi, qəhrəmanımızı əbədi yaddaşlara yazdı. Xudayarın ifasından sonra sanki mahnıya yeni nəfəs verildi, bəstə bütün xalqın dilində əzbərə çevrildi.

Əliağa Vahidin sözlərinə yazılmış "Vətən yaxşıdır" təsnifini Xudayar Yusifzadə Zəngilanda şəhid olmamışdan iki gün öncə oxuyub, döyüş yoldaşları ilə özünü videoya almışdı. Həmin video qısa zamanda sosial şəbəkələrdə trendə çevrildi.

"Vətən yaxşıdır" təsnifinin musiqisi xalq artisti, Prezident təqaüdçüsü, muğam ustadı, Əlibaba Məmmədova, sözləri isə qəzəlxan Əliağa Vahidə aiddir. Sevimli sənətkarımız müəllifi olduğu “Vətən yaxşıdır” nəğməsinin Xudayar Yusifzadənin xatirəsinə ehtiram əlaməti olaraq “Xudayar təsnifi” adlandırılmasına xeyir-dua verib.

Şəhid Xudayar Yusifzadənin ifası ilə bir çox musiqiçilər duetlər, kompozisiyalar, videoçarxlar hazırlayıb. Onların içində tanınmış qarmon ifaçısı, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblının müşayiətilə yeni aranjimanda "Vətən yaxşıdır" təsnifi böyük maraqla qarşılanıb. Əməkdar artist Abbas Bağırov da sözügedən təsnifi Xudayarın ifası ilə virtual duet şəklində dinləyicilərə təqdim edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.