05
Noyabr

5 Noyabr

Sosial media

Düşmənin hərbi infrastrukturunu dağıdan Tonaşen əməliyyatı

İkinci Qarabağ müharibəsinin son günlərində ağır zərbələr alan Ermənistan ordusu ilə bağlı xeyli sayda foto və videolar yayıldı. Tonaşendəki əməliyyatı əks etdirən görüntülər isə Vətən müharibəsi zamanı sosial şəbəkələrdə ən çox paylaşılan videolardan biri oldu.

Hər kəsin fəxrlə paylaşdığı videoda aşkar görünür ki, cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilirdi ki, düşmənə endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdıldı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.