22
Oktyabr

22 Oktyabr

İnformasiya müharibəsi

Döyüş iştirakçıları arasında təbliğat işləri aparılır

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların qələbə əzmini yüksəltmək məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirir.

Qarnizonun İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən yaradılan təbliğat-təşviqat qruplarının şəxsi heyət qarşısında çıxışları təşkil olunur və konsert proqramları təqdim edilir.

Bundan əlavə səsgücləndirici maşınlar vasitəsilə ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları, eləcə də döyüşlər barədə operativ məlumatlar cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunub.

Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, qələbə əzmini, döyüş ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.