Media
İndoneziyanın “viva.co.id” saytı Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları ilə bağlı məqalə yayıb. Məqalədə qeyd edilir ki, uzun müddətdir işğal altında olan bir sıra ərazilər bu əməliyyatlar nəticəsində azad olunub.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsindən sitatlar da yer alıb.
Məqalədə, həmçinin Gəncə şəhərinin raket hücumuna məruz qalması barədə məlumat verilir. Azərbaycan Prezidentinə istinadla bu raket hücumlarının qarşı tərəfin çarəsizliyinin təsdiqi olduğu vurğulanır. Dövlətimizin başçısının bu fikirləri də məqalədə yer alıb: “Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır”. Bütün cəbhəboyu istiqamətlərdə Ermənistan ordusunun məğlubiyyətini vurğulayan Prezident İlham Əliyev bildirir ki, belə olan halda onlar öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu törətmişlər.
Məqalədə Ermənistan ordusunun dinc sakinlərə qarşı hücumlarının atəşkəs razılaşmasının əldə olunmasından bir neçə saat sonra baş verdiyi də qeyd edilir.