Zəfərin yolu
Oktyabrın 1-də saat 17.50-də Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutub.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər isə həlak olub.
Oktyabrın 1-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində 16 nəfər həlak olub, 55 nəfər isə bədən xəsarətləri alıb.
Oktyabrın 1-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsini artilleriya atəşinə tutur.
Mülki əhalini hədəfə alan düşmənin atdığı artilleriya atəşi nəticəsində sakinlər arasında ölən və xəsarət alan olmayıb.
Atılan düşmən mərmilərdən biri ərazidə çəkiliş aparan AZƏRTAC-ın müxbirlərinin yaxınlığında partlayıb. Müxbirlərimiz atəş altındakı ərazidən xəsarət almadan çıxa biliblər.
Azərbaycan Ordusunun bölmələri düşmənə sarsıdıcı zərbələr endirir.
Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri atəşə tutulub.
Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
“Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın. Xəbərdarlıq edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.