27
Sentyabr

27 Sentyabr

Fövqəladə Hallar Nazirliyi

Düşmən Ağdam və Tərtərdə yaşayış evləri və digər mülki obyektləri dağıdıb

Məlum olduğu kimi, sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmənin təxribatı zamanı dinc əhalinin sıx yaşadığı yaşayış məntəqələri də atəşə məruz qalıb. Nəticədə mülki əhaliyə məxsus fərdi yaşayış evləri və digər mülki obyektlər dağıdılıb, dinc əhalinin əmlakına ciddi ziyan yetirilib.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarında yerləşən fərdi yaşayış evləri və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb edilib.

Görülmüş operativ tədbirlər nəticəsində yanğınlar qısa müddətdə söndürülüb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.