25
Noyabr

Azərbaycan Respublikası, Rusiya Federasiyasının Prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Ordumuzun bölmələri Kəlbəcər rayonuna daxil oldu. Bununla da Kəlbəcərin 27 illik işğalına son qoyldu. “Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu”,- deyə Prezident İlham Əliyev xalqa müraciətində bildirdi. Birinci vitse-prezidenti Mehriban Əliyeva bununla bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edərək, “Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"- yazdı. Paytaxtda bu xəbər avtoyürüşlə qeyd olundu.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.