Sosial media
"Əziz Şuşa, sən azadsan!"
Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanmaqda davam edirdi. 30 ilə yaxın müddətdə səbirsizliklə gözlədiyimiz günlərdən biri, bəlkə də birincisi isə Qarabağın gözü, açarı, strateji cəhətdən əsas bölgəsi sayılan Şuşanın işğaldan azad olunması xəbəri idi.
Prezident İlham Əliyevin Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq" deməsi isə sosial şəbəkələrdə rezonans doğurdu. Kiçikdən böyüyə hər kəs Ali Baş Komandanın bu müraciətini, Şuşanın əsl sahibinə qovuşması xəbərini fəxrlə paylaşırdı. İnsanlar uzun illər düşmən əsarətində qalmış Qarabağın gözü olan bu gözəl şəhərin azadlığa qovuşmasını böyük fəxarət hissi ilə qeyd edir, sosial mediada müzakirəyə çıxararaq şəhidlərimizi yad edirdi.
Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan qurtarmasını Prezidentin Şəhidlər xiyabanında elan etməsi və məlum videogörüntülər həmin gün sosial şəbəkələrdə fenomenə çevrildi.