
Sosial media
Təqaüdünü Orduya bağışlayan 70 yaşlı Hikmət Musayev
Şəkinin Baş Küngüt kənd sakini 70 yaşlı Hikmət Musayevin ASAN Xidmət Mərkəzinə gələrək təqaüdünü Orduya yardım üçün köçürməsinə dair məlumat yayıldı. Hikmət babanın bu addımı, Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə və ölkəmizin haqq işinə özünəməxsus şəkildə dəstək verməsi sosial şəbəkələrdə rezonans doğurdu. Hər kəs Şəki sakinin 180 manatını Vətən müharibəsində can qoyan əsgər və zabitlərimiz üçün köçürməsini alqışladı, media, telekanallar bu ahıl insandan müsahibələr aldı. O, eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə də qoşuldu.
Davranışı ilə hər kəsə örnək olan Hikmət Musayev qəhrəman Vətən övladlarının qələbəsinə və qısa müddətdə ərazi bütövlüyümüzün bərpa ediləcəyinə əminliyini ifadə edib:
"180 manatı təqaüdümdən xırda-xırda yığıb saxlamışdım. Niyyətim pulu yığıb ordumuza dəstək olmaq idi. Bu, lazımlı işdir. Burada təəccüblü heç nə yoxdur. Borcumdur, ürəyimdən gəlib, eləmişəm. O pulu az-az yığmışam. Yoxsa indi pensiyanı almaq vaxtı deyil".
Hikmət baba ayaqqabısının yırtıq olmasına rəğmən orduya ianə etməsinə təəccüblənənlərə isə belə cavab verib: "İndi ayaqqabı almağın vaxtı deyil. Əsgərlərimizi düşünmək lazımdır. Canınız sağ olsun, belə şeylərə fikir verməyin".
Xatırladaq ki, “ASAN Xidmət”in əməkdaşı Orxan Cəfərov müharibənin qızğın vaxtlarında Hikmət baba ilə bağlı sosial şəbəkədə bunları yazmışdı: "Bu gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba yaxınlaşdı mərkəzə. Hansı xidmətə gəldiyini soruşdum, dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm, 180 manat pulum var, bunu onlara vermək istəyirəm”.
Donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxanda qayıtdı ki, azdır? Dedim, "ay baba, sənin ürəyinə qurban olum, az deyil, dünya qədərdir..."
Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabıları ürəyimi dağladı. Hər iki ayaqqabısı ortadan bölünmüşdü. Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb əsgər balalarına ianə göndərirdi...
Sonda "Əsgərə məktub" da yazıb getdi. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi...”