10
Oktyabr

10 Oktyabr

Sosial media

Günün fotosuna çevrilən məşhur daş

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi 2020-ci il oktyabrın 9-da düşmən tapdağından azad edildi.

Hadrutda olan məşhur bir daşın fotosu isə sonrakı günlərdə sosial mediada ən çox paylaşılan foto oldu. Çünki keçən il Qarabağda işğalçıların xeyrinə yalan informasiyalar yayan təxribatçı "jurnalist" Semyon Peqov məhz həmin ərazilərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası çərçivəsində erməni əsgərlərinin meyitlərini toplamaq üçün girən avtomobillə gələrək çəkiliş aparmışdı. O bununla Hadrutun Azərbaycanda olmadığını sübut etməyə çalışırdı.

Amma Azərbaycan Ordusu Hadrutun hər daşına sahib olduğunu bir daha sübut etdi! Bir neçə gün öncə daş üstündə poz verən işğalçı ordunun əsgərləri torpağa gömüldülər. Məşhur daşın önündə isə indi məğrur, müzəffər Azərbaycan əsgəri dayanır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.