Könüllülük
"Atamla birgə döyüşdük, dəfələrlə ölümlə üzbəüz qaldıq" - Könüllü döyüşçü
Qarabağ savaşlarında yaralanan mayor Çingiz Qəhrəmanov 44 günlük Vətən müharibəsində orduya könüllü yazılan oğlu Rəşadla dünyaya göz açdıqları Laçın rayonunun Güləbird kəndinin ilk ziyarətçiləri olublar.
Vətənin candan əziz olmasını tarixən təsdiqləyənlər bu gün də az deyillər. 44 günlük Vətən müharibəsinin Zəfər tarixində bu mənada elə qürurlu faktlarla qarşılaşırsan ki…
Vətəni ana qədər əziz tutan vətənpərvərlərimizin müharibədə göstərdiyi şücaətlər də bunu deməyə əsas verir. Haqqında söz açmaq istədiyimiz ata-oğul da belələrindəndir.
Laçın rayonunun Güləbird kəndində dünyaya göz açan, 44 günlük Vətən müharibəsinə qatılan ehtiyatda olan mayor Çingiz Qəhrəmanov Birinci Qarabağ döyüşlərinin qazilərindəndir. Bu dəfə isə oğlu Rəşad da onunla çiyin-çiyinə cəbhə yoldaşı olub.
Rəşad Qəhrəmanzadə deyir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə yaxınlaşıb döyüşə getmək üçün könüllü yazılıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, hətta onlayn məktub yazıb döyüşlərdə iştirak etmək istədiyini də bildirib. Amma taleyinə atası ilə birgə döyüşmək yazılıbmış: “...Atam döyüşlərə hazırlaşırdı. Axı o, ehtiyatda olan zabitdr. Keçmiş hərbçilərdən özü ilə 25 nəfər könüllü aparmaq istəyirdi. Xahiş etdim ki, həmin siyahıya birinci mənim adımı yazsın. Sağ olsun, xahişimi yerinə yetirdi...”
Beləliklə, komandir ata oğlunu da öz dəstəsinə qəbul edib. Qəhrəmanovlar öndə gedərək arxadan gələnlərə yol göstəriblər. Onlar Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərin qaynaq nöqtələrində olublar.
Döyüşlər gedən günlərdə yaralanan Çingiz Qəhrəmanov və oğlu Rəşad 27 ildən sonra doğma Laçına ayaq basan ilk sakinləridirlər. Onlar vəhşi ermənilər tərəfindən qəddarcasına dağıdılıb xaraba qoyulan evlərini taparaq bir gecə orada qalıblar.
27 il əvvəl atasının məzarına gələrək Laçına mütləq qayıdacağına söz verən mayor Çingiz Qəhrəmanov vədinə əməl etdiyi üçün özünü çox xoşbəxt sandığını deyir. O, hətta, 44 günlük Vətən müharibəsində oğlu Rəşadla da sıradan bir əsgər kimi davrandığını, lakin, buna baxmayaraq, hər dəfə düşmən tərəfindən açılan atəşin oğluna dəyməməsi üçün özünü sipər edərək atalıq hissini unutmadığını da gizlətmir.
Bu gün sosial şəbəkələrdə də onların döyüşləri haqqında maraqlı müzakirələr gedir, hətta qardaş Türkiyənin mətbuatında bu döyüşçülərin qəhrəmanlıqlarından bəhs edilir: “Azərbaycanlı ata-oğul çiyin-çiyinə qəhrəmanlıq örnəyi yazdılar...”
Rəşad Qəhrəmanzadə müsahibə vaxtı atası ilə çiyin-çiyinə vuruşduğu və torpaqları işğaldan azad etdikləri üçün fəxr hissi keçirdiyini bildirib. Bəzən çətin anlar yaşadığını, dəfələrlə ölümlə üzbəüz qaldıqlarını, hətta 2 saat müddətində minaatanlarla atəşə tutulduqlarını deyən Rəşad babasının məzarını ziyarət etdikləri an keçirdiyi hissi təsəvvür etməkdə çətinlik çəkdiyini xatırladıb.
Vətənə sevgi, məhəbbət əməldə bax belə təsdiqlənir: döyüşlərin önündə gedən ata-oğul kimi...