Zəfərin yolu
Azərbaycan Ordusunun ardıcıl uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərin köhnə videomateriallarını əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir.
Ermənistan tərəfinin guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yaydığı məlumat onların növbəti dezinformasiyasıdır. Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusu bu gün keçirilən əməliyyatlarda helikopterlərdən istifadə etməyib.
Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, erməni KİV-lərinin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır.
Ermənistan tərəfinin yaydığı bu tip məlumatlar təxribat xarakteri daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib.
Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır: "Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir".
Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Müdafiə Nazirliyindən bildirilib ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil.