28
Sentyabr

28 Sentyabr

İnformasiya müharibəsi

İrəvan dezinformasiya yaymaqla itkilərini gizlətməyə çalışır

Ermənistan öz itki və uğursuzluqlarını gizlətmək üçün dezinformasiya maşınını aktiv şəkildə işə salıb. Ancaq Azərbaycan İrəvanın daxili auditoriyaya hesablanmış uğursuz cəhdlərini-"fake" xəbərlərini də ifşa edir. Bununla bağlı müharibənin ikinci günündə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir:

"Ermənistan müdafiə nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədini güdür.

Əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə 3 silah-sursat anbarı məhv edilib.

Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri podpolkovnik Lernik Vardanyan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.

Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur.

Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.