24
Oktyabr

24 Oktyabr

Əsgərimiz

Artilleriya bölmələrimizin hərbçilərinin döyüş əzmi və vətənpərvərlik ruhu yüksəkdir

Azərbaycan Ordusunun artilleriya bölmələrinin cəsur hərbçiləri düşmənə sarsıdıcı zərbələr vuraraq, torpaqlarımızın işğaldan azad edilməsində misilsiz fədakarlıqlar göstərirlər. Artilleriya bölmələrimizin bu uğurlarının əsasında vətənpərvərlik ruhunun və döyüş əzminin sarsılmaz olması ilə yanaşı, hərbçilərimizin yüksək peşəkarlığı dayanır.

Müdafiə Nazirliyinin mətbuat xidməti təqdim etdiyi növbəti videoda Azərbaycan Ordusunun artilleriya bölmələrindən birinin zabiti düşmənin artilleriya bölmələrini, döyüş texnikalarını və canlı qüvvəsinin məhv edildiyini, şəxsi heyətin qələbə əzminin yüksək olduğunu diqqətə çatdırıb. Hərbçilərimiz Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, üçrəngli bayrağımızı Şuşada dalğalandırılacağına sonsuz inam və əminlik nümayiş etdiriblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.