23
Oktyabr

23 Oktyabr

Əsgərimiz

Prezident İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi. Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulayıb.

Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının müzəffər Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.