Günahsız qurbanlar
Bərdənin yenidən “Smerç” raketləri ilə atəşə tutulması nəticəsində ölənlərin sayı 21-ə çatıb
Müharibə cinayətləri törətməkdə davam edən Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutub.
Düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 27-də də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində aralarında 7 yaşlı uşaq da olmaq, 5 nəfər mülki şəxs həlak olub, 10-a yaxın dinc sakin yaralanıb.
Qeyd edək ki, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.