12
Oktyabr

12 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: “Gəncəyə atılan “SKAD” raketi ortamənzilli ballistik raketdir”

“Skad” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik raketin atılması çox nadir hallardan biridir, Gəncədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Belə böyük dağıdıcı gücə malik raketi atan Ermənistanın siyasi-hərbi rəhbərliyi bunun necə təsir doğuracağını çox gözəl bilir. Bunu niyyətli şəkildə etmək onların əsl mahiyyətini göstərir. Gördüyünüz kimi, bu ərazidə hər hansı bir hərbi obyekt, hər hansı bir hərbi zərurət də yoxdur. Bu onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur. Biz bunu vandallıq və barbarlıq kimi qiymətləndiririk”, - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.