11
October

11 Oktyabr

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva: "Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 11-də Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi “İnstaqram” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir.

Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib.

Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulub.

Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb.

Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir.

Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram.

Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər.

Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır.

Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir.

Əziz həmvətənlər!

Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.