Xarici media
Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Monteneqronun media nümayəndələri üçün mətbuat konfransı keçirib.
Bu barədə Monteneqronun nüfuzlu CDM informasiya portalı yazıb.
Seyran Mirzəzadə mətbuat konfransında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərinə qarşı növbəti təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirdiyini bildirib.
Qeyd edib ki, əks-hücum əməliyyatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Ermənistan tərəfindən illərdir işğal altında saxlanılan ərazilərdə aparılır. Diqqətə çatdırılıb ki, Azərbaycan öz tarixi, əzəli torpaqlarını işğaldan azad etmək hüququndan istifadə edir. Ermənistan isə beynəlxalq hüquqa məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin tələblərinə riayət etmir. Beynəlxalq ictimaiyyət isə bu haqsızlıqlara illərdir göz yumur və ikili standartlardan çıxış edir.
Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyindən daha da ruhlanaraq yeni ərazi iddiaları ilə çıxış etməsinin, işğal olunmuş ərazilərdə möhkəmlənmə cəhdlərinin, mülki əhalini mütəmadi olaraq atəş altında saxlamasının qəbuledilməz olduğunu bildirən S.Mirzəzadə deyib: “Ermənistan Baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı və aqressiv ritorikası ona və erməni xalqına baha başa gələcək. Azərbaycan xalqı səmərəsiz danışıqlardan yorulub və tarixi haqsızlığı aradan qaldırmaq məqsədilə torpaqlarının müdafiəsinə qalxıb, bir yumruq kimi Prezidentinin ətrafında birləşib. Döyüş meydanında böyük itkilərlə üzləşən Ermənistan silahlı qüvvələri mülki əhalini, mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüquq normalarını və insan hüquqlarını kobud şəkildə pozur. Dağlıq Qarabağ inzibati, tarixi və rəsmi olaraq Azərbaycan ərazisidir və Ermənistan bütün qoşunlarını Azərbaycandan çıxarmalıdır, yalnız bundan sonra danışıqlar aparıla bilər. Münaqişənin və müharibənin kökündə Ermənistanın “böyük Ermənistan” xəstə təxəyyülü və ideyası durur”.
Natiq qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü Dağlıq Qarabağ Muxtar Vilayətinə qarşı əsassız ərazi iddialarına görə başlamışdır. Ermənistan Dağlıq Qarabağdan başqa ətraf yeddi rayonu da işğal etmişdir. İşğal etdiyi ərazilərdən öz xoşu ilə çıxmaq niyyəti yoxdur. Hazırkı hərbi əməliyyatlara görə məsuliyyət Ermənistanın baş naziri Paşinyanın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı Ermənistanın ölkəmizə qarşı yeni hərbi təcavüz hazırladığı barədə beynəlxalq ictimaiyyəti xəbərdar etdi. Amma buna məhəl qoyulmadı. Azərbaycan xalqının heç bir ölkənin ərazisində gözü yoxdur, biz Vətənimizi, ölkəmizi və dövlətimizi müdafiə edirik. Ermənistanın bu münaqişəni dinlərarası və ya millətlərarası münaqişə kimi göstərmək cəhdləri, Türkiyənin hərbi əməliyyatlarda iştirakı, Azərbaycanın müxtəlif ölkələrdən terrorçular gətirməsi kimi iddialar tam əsassız və məntiqsizdir. Heç biri ilə bağlı sübutlar yoxdur və ola da bilməz!