02
Oktyabr

2 Oktyabr

Xarici media

Çilinin "infogate.cl" saytında dərc olunan "Dağlıq Qarabağ münaqişəsi: Ermənistanın cəzasızlıq sindromu ilə necə başa çıxmalı" başlıqlı məqalədə iyul ayında Ermənistan-Azərbaycan sərhədində münaqişənin genişlənməsi, həmçinin sentyabrın 27-də qoşunların təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatı ilə əlaqədar, Azərbaycan ordusu tərəfindən aparılan əks-hücum əməliyyatları barədə məlumatlar təqdim olunub.

Məqalədə qeyd edilir ki, Azərbaycanın iri əraziləri - Dağlıq Qarabağın bütün ərazisi və ona bitişik yeddi rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) 25 ildən artıq müddətdə Ermənistanın işğalı altında olub. Silahlı münaqişə nəticəsində 20 mindən çox azərbaycanlı həlak olub, 1 milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilib.

Beynəlxalq birlik tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində onun suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunmasına baxmayaraq, Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb. Faktiki olaraq, beynəlxalq birlik tərəfindən siyasi iradənin olmaması səbəbindən BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi Ermənistan tərəfindən indiyədək yerinə yetirilməyib.

Agentlik yazır ki, beləliklə, cəzasızlıq sindromu həm Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmasına, həm də bu ölkə tərəfindən öz hərbi işğalının nəticələrinin möhkəmləndirilməsinə kömək edib. İstər Ermənistan hökuməti, istərsə də erməni cəmiyyəti münaqişənin dinc yolla nizamlanması çərçivəsində bu əraziləri Azərbaycana qaytarmaq fikrində deyil. Əksinə, Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik tərkibin dəyişdirilməsi məqsədilə uzun illərdir ki, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirir.

Dağlıq Qarabağ münaqişəsinin Ermənistan tərəfindən təşkil edilən iyul eskalasiyası danışıqlar prosesini pozmağa yönəlmişdi və hazırda cəbhə xətti boyunca davam edən şiddətli hərbi əməliyyatlarla nəticələnib.

Azərbaycan beynəlxalq birliyi təcavüzkar dövlətlərə vahid yanaşma tətbiq etməyə çağırır. Məqalədə qeyd olunur ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun erməni işğalı məsələsində tərəddüd etmədən möhkəm və qətiyyətli mövqe tutmalıdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.