08
Noyabr

8 Noyabr

Yerli media

Ağdamın yaşayış məntəqələri artilleriya atəşinə tutulub (Azərtac)

Ermənistan silahlı qüvvələri noyabrın 8-də Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Rayonun Əfətli, Qaradağlı, Mahrızlı, Çıraqlı, Xındırıstan, Ayaq Qərvənd, Təzəkənd kəndlərinə ümumilikdə 100-dən artıq mərmi düşüb. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, ticarət obyektlərinə, təsərrüfatlara ziyan dəyib.

Xındırıstan kənd sakini Elmaz Eyvazov deyib: “Bu gün səhər 8 radələrində kəndimiz yenə artilleriya atəşinə tutuldu. Mərmilərin biri mağazamızın üstünə düşərək partladı. Gördüyünüz kimi, mağazaya ciddi ziyan dəyib, içəridəki ərzaq məhsulları məhv olub. Mərminin qəlpələri mağazanın qarşısındakı bir avtomobilə də ziyan vurub. Təki olan mala-mülkə olsun, Allah ordumuzu qorusun. Tezliklə qələbə qazanaq”.

Mərmilərdən biri də Sahidə Cəfərovanın evinin həyətinə düşüb. “Səhər həyətdə idik. Bu zaman partlayış oldu. Bərk qorxduq. Mərmi həyətə düşüb partlamışdı. Yaxşı ki, özümüzə bir şey olmadı. Hamımız salamat qaldıq. Ev çatlayıb, pəncərələrə, tavana ziyan dəyib. Ancaq narahat deyilik. Əksinə, əhvalımız yüksəkdir. Çünki cəbhədən xoş xəbərlər alırıq. Ordumuz düşməni məğlub edir”.

Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Mahrızlı kənd sakini Qalib Gərayevin evi tamamilə dağılıb.

“Evimiz səhər dağılıb. Bütün əşyalar, avadanlıqlar məhv olub. Dağıntıdan görünür ki, atılan mərmi daha iriçaplı olub. Evi yeni inşa edib köçmüşdük. Ancaq məyus deyilik. Min belə ev əsgərlərimizə qurban olsun. Allah ordumuzu qorusun. Tezliklə qələbə sevincini yaşayaq”, - deyə kənd sakini bildirib.

Çəkiliş zamanı Qalib Gəraylının oğlu Ülvi “Quran” kitablarını göstərərək, dağılmış evdən ancaq bu kitabların salamat çıxdığını deyib. Allahın köməyi ilə tezliklə işğalda olan torpaqlarımızın azad ediləcəyinə, üçrəngli bayrağımızın Şuşada, Laçında, Xankəndidə dalğalanacağına əminliyini bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.