15
Oktyabr

15 Oktyabr

Xarici media

Malayziya mətbuatı Azərbaycanın bu ölkədəki səfiri Qaley Allahverdiyevin Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə geniş məqaləsini yayıb.

Bu ölkənin dövlət informasiya agentliyi BERNAMA və əhatə dairəsinə görə Cənub-Şərqi Asiyada tanınmış “New Straits Times” qəzetinin yaydığı “Azərbaycan regionunda sülh və sabitlik istəyir” sərlövhəli məqalədə Ermənistanın sentyabr ayının 27-dən başlayaraq ölkəmizə qarşı hərbi təxribatlarından bəhs olunub, oxucular bu hücumların ağır nəticələri barədə ətraflı məlumatlandırılıb.

Səfir bildirib ki, dünya ölkələri COVID-19 pandemiyası və onun yaratdığı böyük sosial-iqtisadi böhranla mübarizə apardığı bir vaxtda Azərbaycan ikiqat çağırışla üzləşib. Diplomat Ermənistan silahlı qüvvələrinin ağır artilleriya və iri çaplı silahlardan istifadə edərək oktyabrın 11-də Gəncə və Mingəçevir şəhərlərinə hücumunu xatırladıb. Qeyd edib ki, düşmən ballistik raketlərlə mülki əhalini və mülki obyektləri hədəfə alıb. Bu, Ermənistanın heç bir beynəlxalq humanitar öhdəliyə məhəl qoymadığını bir daha təsdiq edir.

Məqalədə qeyd olunub ki, Azərbaycanın rəhbərliyi Ermənistana qarşı həyata keçirdiyi sülhə məcburetmə əməliyyatlarının ilk günündən mülki əhalini və mülki obyektləri hədəfə almayacağını bəyan edib. Azərbaycanın işğal olunmuş ərazilərindəki mülki əhali ilə hər hansı probleminin olmadığını vurğulayan səfir Prezident İlham Əliyevin Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları hesab etdiyini xatırladıb.

Səfir, eyni zamanda, Ermənistanın cari ilin iyulunda qəbul etdiyi milli təhlükəsizlik strategiyasına toxunaraq, təcavüzkarlığı aşkar şəkildə təşviq edən bu sənəddən sonra Azərbaycana qarşı hərbi hücumların gözlənilən olduğunu bildirib. Əlavə edib ki, bu və digər belə cəhdlər Azərbaycana qarşı yeni müharibənin ayaq səsləri idi.

Diplomat onu da vurğulayıb ki, bu gün dünya ictimaiyyətinin göstərməli olduğu qətiyyətli mövqe təkcə Azərbaycanın haqlı mübarizəsi üçün deyil, eyni zamanda, beynəlxalq hüquq və ədalətin əsas öhdəliklərinin xilas edilməsi baxımından da önəmlidir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.