02
Oktyabr

2 Oktyabr

Xarici media

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev “İ24NEWS Arabic” televiziya kanalına Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı ilə bağlı müsahibə verib.

Diplomatımız Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisinin olduğu, ölkəmizin 20 faiz ərazisinin erməni hərbi birləşmələri tərəfindən işğal edildiyi, təcavüzkar ölkə tərəfindən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyini diqqətə çatdırıb. Əlavə edib ki, Ermənistan nəinki Dağlıq Qarabağı, həmçinin ona bitişik 7 rayonu da zəbt edib. O vurğulayıb ki, indi bizim öz torpaqlarımızı müdafiə etməyə yetərincə gücümüz var.

Səfir diqqətə çatdırıb ki, Ermənistanın hakim dairələri, Xarici İşlər Nazirliyi beynəlxalq mediada, sosial şəbəkələrdə cəbhədəki vəziyyət haqqında yalan məlumatlar yayır. Belə ki, onların Əbu-Dabidəki və Moskvadakı səfirlərinin yaydıqları feyk xəbərlər bir-birindən kəskin şəkildə fərqlənir. Eyni zamanda, ərazisində başqa dövlətin hərbi bazası yerləşən Ermənistandan fərqli olaraq, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan öz gücünə arxalanır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.