02
Oktyabr

2 Oktyabr

Xarici media

“BBC World Radio”nun “Newsday” proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsi yayılıb. Səfir Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq geri çəkməli olduğunu, regionda davamlı sülhün yalnız Ermənistanın işğala son qoymasından sonra mümkünlüyünü diqqətə çatdırıb. O, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanda Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyini bildirib.

Səfir jurnalistin erməni tərəfinin mülki şəxslərinin həlak olması ilə bağlı sualına cavab olaraq bildirib ki, təmas xəttinin Ermənistan tərəfinin nəzarətində olan hissəsi əslində işğal edilmiş və daha öncə ermənilərin məskunlaşmadığı ərazidir, burada demək olar ki, mülki əhali yoxdur və daha çox hərbi hissələr üstünlük təşkil edir. Əksinə, təmas xəttinin sıx məskunlaşmış Azərbaycan tərəfi isə mütəmadi olaraq Ermənistan ordusunun atəşinə tuş gəlir. Səfir son təxribatlar zamanı Azərbaycanın 14-dən çox mülki şəxsinin qətlə yetirildiyini, 40-dan çox yaralının olduğunu bildirib. O, bu təxribatların məhz Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq suveren ərazilərində həyata keçirildiyinə diqqət çəkib.

Azərbaycanın xarici ölkələrdən, xüsusilə də Türkiyədən hərbi kömək alması, guya Ermənistana məxsus təyyarənin Türkiyəyə məxsus F-16 təyyarəsi tərəfindən vurulması, Suriyadan gələn döyüşçülərin muzdla orduya cəlb edilməsi ilə bağlı iddialara cavab olaraq, səfir bildirib ki, Azərbaycanda F-16 təyyarələri yoxdur, Türkiyə isə ümumiyyətlə hərbi münaqişəyə cəlb olunmayıb və ölkəmizə hər zaman diplomatik dəstək verib. Ermənistan təyyarəsinin vurulması ilə bağlı xəbər uydurmadır və müasir texnologiya vasitəsilə bunu sübut etmək olduqca asandır. Suriyalı döyüşçülərlə bağlı şayiələr də qətiyyən həqiqəti əks etdirmir.

Tərəflərin danışıqlar masasına geri dönməsi ilə bağlı suala cavab verən səfir bildirib ki, 20 ilə yaxındır Ermənistan və Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlarda iştirak edir, lakin bu danışıqlar bir nəticə verməyib. Xüsusən son illərdə bunun əsas səbəbi Ermənistanın sülhə qarşı çıxması və Azərbaycan tərəfinin substantiv danışıqlarla bağlı çağırışlarına məhəl qoymaması olub.

Həmçinin nüfuzlu “Newsweek” mətbu orqanına müsahibəsində səfir Süleymanov bildirib ki, danışıqlar üzrə vasitəçiliyi həyata keçirən Minsk qrupunun həmsədri qismində ABŞ beynəlxalq hüquqa uyğun olaraq, Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında dayanıqlı mövqe göstərməlidir. Çünki işğalçı qüvvələrin çıxarılması yalnız Azərbaycan üçün deyil, Ermənistanın özünə də fayda gətirəcək, onun və regionun dinc gələcəyini təmin edəcək. İşğalçı qüvvələr geri çəkilməzsə atəşkəs dayanıqlı olmayacaq.

Bundan əlavə, ABŞ-ın populyar Con Batçelor Şou proqramına müsahibəsində Elin Süleymanov Ermənistan tərəfindən hərbi təxribatların davam etməsinə, mülki şəxslərin məskunlaşdığı ərazilərin atəşə tutulması nəticəsində ölən və yaralananların olmasına diqqət çəkib. O, bütün əməliyyatların Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində baş verdiyini vurğulayıb və Azərbaycan Prezidentinin “Bizim Ermənistan ərazisində heç bir hərbi məqsədimiz yoxdur” sitatını xatırladıb. Səfir dünya mətbuatında münaqişə barədə yayılan saxta məlumatlara toxunaraq, bu cür halların yolverilməzliyindən bəhs edib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.